İnsan vǝ Ətraf Mühit Münasibǝtlǝrinǝ İslamın Baxışı

Parveke / Paylaş / Share

 

 

 

 

 

     İslamın ekologiyaya və ətraf mühit problemlərinə münasibətinin bir neçə konkret aspekti mövcuddur ki, bu müddəaların da hər biri özünün nəzəri mənbəyini Qurani-Kərimdə, təcrübi xassələrini isə Peyğəmbərin (s) hədislərində real şəkildə büruzə verir. Hər şeydən əvvəl, bizi əhatə edən aləm və ekosistem Allahın yaratdığı və kainatın əşrəfi adlandırdığı insan üçündür. İnsan isə bu Kainatı açıq bir kitab kimi oxumağı, onu kəşf etməyi, qorumağı bacarmalıdır ki, bu bacarığı sayəsində Yaradanına olan inamı daha da möhkəmlənsin və şükür etməyi öyrənsin. “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır.” (Bəqərə, 164)

     Allah tərəfindən yaradılmışların hər birinin öz həyati və artım funksiyası, dil və ünsiyyət vasitələri, hətta unikal hissiyyat sistemi vardır ki, onların da hamısı Allaha xidmət etmək üçündür: “Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi?..” (Həcc, 18). Və yaxud: “Yeddi qat göy, yer və onlarda olan hər kəs (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin, lakin siz (ey qafillər!) onların təqdisini anlamazsınız!..” (İsra, 44)

     Yaradılmışların hamısında cütlük (və ya ikilik, dualizm) mövcuddur – işıq və zülmət, isti və soyuq, erkək və dişi, kişi və qadın və s. ilahi yaradılışın qayəsidir: “Biz hər şeydən cütcüt yaratdıq. Bəlkə bir düşünüb ibrət alasınız!” (Zəriyət, 49). “Yerin yetişdirklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pakdır və müqəddəsdir!” (Yasin, 36)

     Qurani-Kərimdə bütün yaradılmışın ilkin substantları bəlli olur – Su – Yer üzündə həyatın başlanğıcıdır: “Allah hər heyvanı (canlını) sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır…” (Nur, 45); “Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?!.” (Ənbiya, 30)

     İslamın suya münasibətində mistik bir məqam var. Su həm həyatın başlanğıcı, həm də həyat sirrinin daşıyıcısıdır. Onu israf etmək, istifadəsində ifrata varmaq, çirkləndirmək, o cümlədən su hövzələrini texniki tullantılarla kirlətmək böyük qəbahətdir. Çünki su Allah tərəfindən bəşərə nemət kimi göndərilmişdir: “Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan siz endirdiniz, yoxsa endirən Bizik? Əgər istəsəydik onu acı su edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz?” (Vaqiə, 68 – 71); “… Sən Yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.” (Həcc, 5)

     Quran Yer üzündə baş verən təbiət hadisələrinə dair verdiyi xəbərlərdə suya böyük önəm vermişdir. Suyun insan həyatındakı əhəmiyyətinə toxunan Quran ayələri ilə çağdaş elm və texnikanın anlayışları arasındakı uyğunluğu görməmək mümkün deyil. Müasir elmi tədqiqatlara görə, Yer üzündə həyatın əmələ gəlməsindən öncə ilk üzvi maddələrin təşəkkülündə enerji qaynağının əsasını ultrabənövşəyi şüalar təşkil etmişdir. Bununla yanaşı, ilk canlıların ultrabənövşəyi şüalardan üzvi maddələrin emalı üçün istifadə etməyə qadir olmadıqları güman edilir. Bu şüalardan ancaq su altında gizlənməklə qorunmaq mümkün idi. Məhz buna görə də həyat öncə suda başlanmışdır. Bitkilər də daxil olmaqla bütün canlılar aləmi sudan yaradılmışdır. Həyatın sudan canlandığı, hər canlı hüceyrənin əsasını suyun təşkil etdiyi, susuz heç bir həyatın mümkün olmadığı bugünkü elm tərəfindən sübuta yetirilmişdir. Müasir elm sübut edir ki, ən qədim canlılar bitkilərdir, daha dəqiq ifadə etsək, su yosunlarıdır.

     İkinci önəmli substant – bitkilər aləmidir. Buraya təkcə Yer florasını təşkil edən bitki örtüyü deyil, eyni zamanda əkinçilik və kultivasiya məsələləri də daxildir. Uca Yaradan QuraniKərimdə insanlara xitabən buyurur: “Bəs əkdiyinizə (toxuma) nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?” (Vaqiə, 63 – 64). Əkinçiliyin və faydalı bitkilərin kultivasiyası haqqında Müqəddəs Kitabda deyilir: “İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik). Həqiqətən, Biz yağışı bol yağdırdıq. Sonra yeri yaxşıca yardıq. Belə ki, orada dənli bitkilər göyərtdik; üzüm və yonca, zeytun və xurma bağları, ağacları bir-birinə sarmaşan bağçalar, növbənöv meyvələr və ot-ələf yetişdirdik. Bütün bunlar sizin və heyvanlarınızın istifadəsi üçündür!” (Əbəsə, 24 – 32)

     Həmçinin: “Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.” (Ənam, 99)

     Mühəddislərə görə, Həzrət Məhəmməd (s) qida üçün bitki əkib-becərən və bu məhsuldan özünü, insanları, heyvan və quşları doyuran şəxsin mükafatını Allah-Təalanın verəcəyini demişdir. Həmçinin Peyğəmbərdən (s) rəvayət edilir ki, kölgə salmaq xatirinə ağac əkməyin də savabı vardır; ağacları kəsənlər insanları Allahın nemətindən haqsız yerə məhrum edənlərdir. “Kim yolçuların və heyvanların kölgələndiyi bir ağacı boşuna və haqsız olaraq kəsərsə, Allah onu başıaşağı cəhənnəmə atar.” (Əbu Davud, Sünən, c. 2, s. 650). Bu mənada müsəlman təfəkküründə təbii sərvətlərin amansızcasına istismarı, meşələrin qırılması, su hövzələrinin çirkləndirilməsi və s. ilahi qanuna uyğunluğa qarşı yönəldilmiş cinayət əməlidir.

     Üçüncü substant, üzərində yaşadığımız torpaq da bəşərə ilahi lütfdür. Qida mənbəyimiz olan torpaq qarşısında insanların mənəvi borcu – onu bitki və suvarma ilə canlandırmaqdır. Hədisi-şərifə görə, torpağın həqiqi sahibi – onu dirildəndir. Allah qatında da həmin şəxsin mükafatı vardır. Burada bir məqamı xüsusi diqqətə çəkmək istərdim. Qurani-Kərimin Bəqərə surəsinin 204 – 206-cı ayəsində Rəbbimiz buyurur: “İnsanlardan eləsi vardır ki, …yer üzündə fitnə-fəsad törətməyə, əkinləri (xarab etməyə) və nəsli (insan cəmiyyətini) məhv etməyə çalışar… Ona: “Allahdan qorx!” – deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə Cəhənnəm kifayətdir…”

     Allah belə fitnəkar insanların sifətlərini anladarkən üç özəllikdən bəhs edir: “yer üzündə fitnə-fəsad törədən” (terrorist və ekstremist), “əkinləri xarab edən” (ekoloji tarazlığı pozan, təbiətə və ətraf mühitə zərər verən) və “nəsilləri məhv etməyə çalışan” (cinsi pozğunluq, zinakar). Bu üç fitnəkarlığı Quran azğınlaşan cəmiyyətin xüsusiyyəti olaraq bəyan etməkdədir; yəni terrorizm, təbiət düşməni və cinsi pozğunluq zəmanənin və cəmiyyətin konkret bəlasıdır. Birincisi toplumun, ikincisi təbiətin, üçüncüsü də gələcək nəslin yaşama haqqına təcavüz edir.

     Təkcə “əkinləri məhv edənlər” deyil, dağları bombalayanlar, meşələri yandıranlar, gölləri qurudanlar, atom elektrik stansiyaları üçün çayların yataqlarını dəyişdirənlər, sənaye tullantıları ilə otlaq, əkin və bostan yerlərini kimyəvi zəhərləyənlər, bitkiləri nitratla zəhərli qidaya çevirən, genetik modifikasiya olunmuş məhsullar hazırlayanlar ilahi ədalətin bir gün təcəlli edəcəyini mütləq bilməlidirlər. Tanınmış İslam alimlərindən, ekoloq İbrahim Sediyani çox doğru qeyd edir ki: “Əvvəla, təbiət insanın deyil, Allahın mülküdür. İkincisi, təbiətin nizamı bəlli qaydalar daxilində istədiyi dəyişikiliyi yapa bilən insanın əmrindədir. Yəni təbiət uyumsal (dəyişə biləcək – red) mahiyyətdə yaradılmışdır. Üçüncüsü, insan təbiətdən yararlanarkən və ya ondan istifadə edərkən əxlaqi məsuliyyət daşımalıdır. Dördüncüsü, İslamın insandan istədiyi budur ki, təbiət elmlərini və ətraf mühit haqqında mövcud qanunları araşdırsın və onlara riayət etsin.”

     Heyvanlar və quşlar aləminə münasibətdə də İslamın mərhəmət və ədalətə söykənən doktrinası mövcuddur. Məhz Qurani-Kərimdə heyvanların topluluq təşkil etdiklərinə və onların da insanlar kimi toplum halında yaşadıqlarına işarət edilmiş, heyvan haqlarının qorunması insanlara vəzifə olaraq tapşırılmışdır. “Yerdə gəzən elə bir heyvan, qanadları ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.” (Ənam, 38)

     Quranı tədqiq edən hər bir kəs ekosistemin önəmli hissəsini təşkil edən heyvanlar və quşlar haqqında maraqlı bilgilərlə tanış ola bilər. Qurani-Kərimin altı surəsi heyvan adı daşımaqdadır: “Bəqərə” (inək), “Ənam” (ev heyvanları), “Nəhl” (bal arısı), “Nəmi” (qarışqa), “Ənkəbut” (hörümçək) və “Fil” (fil) surələri. Təfsirçilərə görə, Quranda 17 dəfə it, 16 dəfə meymun, 15 dəfə donuz, 14 dəfə ilan, 13 dəfə qoyun, 12 dəfə dəvə, 11 dəfə öküz və inək, 10 dəfə at, 9 dəfə qatır, 7 dəfə canavar, 6 dəfə arı, 5 dəfə qarışqa, 4 dəfə hörümçək, 3 dəfə ağcaqanad, 2 dəfə milçək isimləri zikr olunur. Təsadüfi deyil ki, ABŞ Florida Universiteti’nin professoru, tanınmış ekoloq Riçard Foltz, “Ətraf mühitə və heyvanlara ən çox diqqət göstərən və yer verən kitab Qurandır” – demişdir.

     İslama görə, heyvanat aləminə məxsus varlıqların əksəriyyəti Allah tərəfindən insanların istifadəsi üçün yaradılmışdır: “Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan (onların ətindən, südündən) yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar… Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). Allah hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və sairə) də yaradacaqdır.” (Nəhl, 5 – 8). Bunun müqabilində insan Allahın yaratdıqlarına qarşı mərhəmətli və ədalətli davranmalı, ona verilən nemətə görə şükür etməyi bacarmalıdır.

     Heyvanlara qarşı mərhəmət və şəfqəti ilə seçilən Məhəmməd peyğəmbər (s) bu mövzu üçün ən parlaq nümunə və hər kəsə örnək rəftar sahibidir. O: “Hər susamış heyvana su vermək əcrdir” – buyurmuş, heyvanlara işgəncə verənlərə lənət etmişdir (Buxari, Zəbaih, 25; Əhməd, 4 / 31 – 33). Əbu Dərdadan rəvayətə görə, ağır yüklənmiş dəvəni görən Rəsulullah: “Allah bu dilsizlər haqqında xeyirli olmanızı tövsiyə etməkdədir, onlara gücü yetdikləri qədər yük vurun” – demişdir. Kəsiləcək heyvanlara əziyyət vermək yasaqlanmışdır: “Sizdən heyvanını kəsmək istəyən kişi bıçağını yaxşı itiləsin ki, heyvana əziyyət çəkdirməsin Hətta heyvanın gözü qarşısında bıçaq itiləməyi də Həzrət Peyğəmbər (s) caiz saymamış, belə insanları tənbeh etmişdir.” (Müslüm, 57; Tirmizi, 14)

     “Haqsız olaraq bir sərçəni öldürəndən qiyamət günü Cənabi-Haqq hesab soracaqdır” deyən Məhəmməd peyğəmbər (s) quşların yuvalarının dağıdılmasını, yuvadakı yumurtalarının sındırılmasını qadağan etmişdir. Əshabdan Ədiyy bin Hatim, Allah Rəsulunun (s) qarışqalar üçün çörək qırıntıları səpdiyini və belə dediyini təsdiqləyir: “Onlar bizim qonşularımızdır, üzərimizdə haqları vardır.” (Mustafa əs- Sibai, Min Rəvai-Hadaratina, 113)

     İslam hüququna görə, sahibi bəlli olan, lakin sahibsiz kimi ortalıqda qalan bir heyvanın baxımı dövlət tərəfindən həyata keçirilir. Eyni zamanda, sahibsiz və zor durumda qalmış heyvanların baxımı və qorunması üçün özəl fondlar, vəqflər yaradılması təqdirəlayiq hesab olunur. Bu, bir daha təsdiq edir ki, İslam təkcə insanların deyil, heyvanların haqlarını qoruyan və dəstəkləyən bir hüquqi sistemə malikdir. Hətta qida qrupuna daxil olan heyvan və quşların kəsilməsi də şəriət baxımından təkcə ərzaq məsələsi deyil, həm də ekoloji tarazlığın qorunması problemidir. Təsadüfi deyil ki, 28 iyun-3 iyul 1997-ci il tarixində Ciddədə (Səudiyyə Ərəbistanı) çağırılan İslam Akademiyası Şurası’nın 10-cu sessiyasında “Qurbanlıq heyvanlar və onların şəriət baxımından kəsilməsi qaydaları” haqqında xüsusi qərar qəbul olunmuşdur. Həmin qərara əsasən, heyvan və ya quş kəsərkən müəyyən olunmuş reqlamentar qaydalara əməl olunmalıdır:

     – Heyvan kəsimi ilə məşğul olan şəxs yetkin, əqli baxımdan sağlam, müsəlman və ya əhlikitabdan (xristian, yəhudi) olmalıdır.

     – Kəsimə başlamazdan əvvəl Allahın adı çəkilməlidir; maqnitofon və ya digər texniki üsullarla dua səsləndirmək yasaqdır.

     – Heyvanın gözü qarşısında bıçaq itiləmək məqbul deyildir.

     – Heyvana əziyyət verərək küt bıçaqla kəsmək olmaz.

     – Heyvanı tam kəsməmişdən öncə dərisini soymaq olmaz.

     – Quşları kəsməmiş tükünü yolmaq olmaz.

     – Heyvan kəsmək məqsədilə iynəli tapança ilə sakitləşdirici şok etmək, balta, çəkic və ingilis metodu sayılan havasızlıqla boğma üsulundan istifadə etmək qadağandır.

     – Quşlara şok iynələri tətbiq etmək qəti qadağandır, çünki onlar həmin iynədən həmən ölürlər.

     – Yalnız iri heyvanları kəsmək məqsədilə, istisna hallarda iki-oksidli oksigenli şok iynələrindən, yaxud diyircəkli tapançadan istifadə etməyə icazə verilir.

     – Qeyri-müsəlman ölkələrdə yaşayan müsəlmanlar yaşadıqları ölkələrin yerli hakimiyyətindən İslam qaydaları ilə ət kəsmək üçün xüsusi yerlərin ayrılmasına dair izn almağa səy göstərməlidirlər.

     – Qeyri-müsəlman ölkələrə gedib-gələn və ya daimi məskunlaşan müsəlmanlara icazə verilir ki, əhli-kitab şəxslərin, yəni xristian və yəhudilərin kəsdiyi ətlərdən (şəriətə uyğunluğu nəzərə alınmaqla) istifadə etsinlər. Diqqət etmək lazımdır ki, ət və quş məhsullarına qadağan olunmuş inqrediyentlər əlavə edilməsin. Əgər dəqiq bəlli olmuşsa ki, ət və ya quş kəsimi zamanı şəriət qaydaları pozulmuşdur, o zaman bu icazə keçərsizdir.

     Və nəhayət, sonuncu, altıncı substant – havadır. Hava mövzusu daha çox atmosferin kirlənməsi kimi ekoloji problemlə çərçivələnir. İslama görə, hava – Allahın mülkiyyətidir, onu bizə əta edən və son nəfəsimizlə bizdən alan yalnız Allahdır. İnsanların bu ilahi nemətə münasibətindəki etinasızlıq acı nəticələr verə bilər. “Göyü O ucaltdı, tərəzini (ölçünü) O qoydu! Ona görə ki, həddi (tarazlığı) pozmayasınız!” (Rahmən, 7 – 8). “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur.” (Bəqərə, 29)

     İnsan təfəkküründə atmosferdəki hadisələr – küləklər, fırtınalar, tufanlar, burulğanlar, ildırımlar fəlakət elementləri kimi assosiasiya olunur. Qismən bu təbiət hadisələrində Allah qəzəbinin elementləri olsa da. Uca Yaradan yenə də insana qarşı mərhəmətli və şəfqətlidir. “Qurunun və suyun zülmətlərində sizə doğru yolu göstərən, küləkləri Öz rəhməti (yağışı) önündə bir müjdəçi olaraq göndərən… Allahla yanaşı başqa bir tanrımı var?!” (Nəmi, 63) – buyuran Uca Pərvərdigar küləyi də insana xidmət etmək üçün mükəlləf etmişdir.

     Qurani-Kərimin Hicr surəsinin 22-ci ayəsində belə buyurulur: “Biz buludla yüklənmiş (tozlandırıcı) külək göndərdik, göydən yağmur endirib sizə su verdik. Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyildiniz.” Rəvayətə görə, səhabə dövründə Quranın tərcümanı sayılan Abdullah ibn Abbas bu ayəni təfsir edərkən “küləklər ağacların və buludların mayalandırıcısıdır” demişdir. Ayənin təfsirində küləklərin ağacları mayalandırdığı söylənsə də, mayalanma prosesinin necə baş verdiyi izah edilməmiş, bu məqam o dövrün məşhur alimi olan Fəxrəddin Razi üçün məchul məsələ olaraq qalmışdır.

     Bu gün müasir elm bitkilərin mayalanmasında, tozlanmasında böcəklər və cücülərdən sonra küləyi ən mühüm vasitə hesab edir. Quranın bir çox ayələrində, o cümlədən Rad surəsinin 3-cü ayəsində Allahın bütün meyvələrdən cüt – cüt (erkək – dişi, acı – şirin və s.) yaratdığını qeyd etməklə, küləyin bitkilərin çiçəklərində olan erkək – dişi cütlüyünü mayalandırılması aydın olur. Ekoloqlar hava çirkləndirilməsinə qarşı etiraz edərkən, küləklərin və hava qatlarının zərərli tullantılar nəticəsində ölümcül infeksiyalar yaydığını, son dönəmlərdə havanın və iqlim şəraitinin kəskin dəyişdiyini və bunun bəşəriyyət üçün acı nəticələr verə biləcəyini dəfələrlə vurğulayırlar.

     Ümumiyyətlə, bu gün müasir insan Allahın ona əmanət etdiyi dünyaya nəzər salarkən Rəbbinin “…yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız” (Yunus, 14) xitabını yada salmalıdır. Biz İslamın ekoloji problemlərə münasibətini və tutduğu mövqeyi şərh etməklə, həm insanın insan qarşısında, həm də insanın Allah qarşısında mükəlləfiyyətini xatırlatmaq istədik.

     ƏDƏBİYYAT:

     (1): Qurani-Kərim (Azərbaycan dilinə tərcümə edən: Z. Bünyadov, V. Məmmədəliyev), Bakı 2008

     (2): Hasan Ünder, “Çevre Felsefesi” Felsefe Ansiklopedisi, Babil Yayınları, Ankara 2005

     (3): İbrahim Sediyani, İslam ve Ekoloji, 23 Yanvar 2013, www.sediyani.com/?p=8321

     (4): Məhəmməd ibn İsmail əl- Buxari. Peyğəmbərin Əxlaqı, (tərcümə: Ə. Musayev), Bakı 2009

     (5): Hayrettin Karaman, Halallar və Haramlar, İpəkyolu Yayınları, Bakı 2011

     (6): Z. Gülǝr, Həzrət Peyğəmbər: Cəmiyyət və Ailə, İpəkyolu Yayınları, Bakı 2010

     (7): İbrahim Quliyev, Hədisi-Şəriflərdə Müqəddəs Şəhərlərin Tarixi, Nurlar Yayınları, Bakı 2012

     (8): Vasim Məmmədəliyev, Quran və Elm, Qismət Yayınları, Bakı 2006

     DÖVLƏT VƏ DİN

     AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN JURNALI

     İL: 4 – NÖMRƏ: 57

     AVGUST – NOYABR 2018

 


Parveke / Paylaş / Share

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir